|
Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sahəsində fəaliyyət ümumilikdə ölkədə şəffaflığın artırılması və təhlükəsizliyin gücləndirilməsi istiqamətində uğurla həyata keçirilən siyasətin mühüm tərkib hissəsidir. Bu baxımdan, ölkədə effektiv PL/TMM sisteminin formalaşdırılmasının vacib şərtlərindən biri kimi müxtəlif sahələri əhatə edən fəaliyyətlərin əlaqələndirilməsi və aidiyyəti dövlət orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın təmin edilməsi çıxış edir. PL/TMM sahəsində fəaliyyət göstərən tənzimləmə, nəzarət və hüquq-mühafizə orqanları, habelə bu orqanların müvafiq funksiyaları «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının 10 fevral 2009-cu il tarixli 767-IIIQ nömrəli Qanunu (bundan sonra – preventiv Qanun), Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2009-cu il tarixli 66 nömrəli Fərmanı və digər qanunvericilik aktları ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 iyul tarixli 122 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti haqqında Əsasnamə» ilə PL/TMM sahəsində dövlət siyasətini həyata keçirən və aidiyyəti dövlət orqanlarının fəaliyyətini əlaqələndirən orqan kimi Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (bundan sonra – Maliyyə Monitorinqi Xidməti) müəyyən edilmişdir. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyə əsasən Maliyyə Monitorinqi Xidməti ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən aidiyyəti dövlət orqanları və onların PL/TMM sahəsində funksiyaları ilə bağlı daha ətraflı məlumat aşağıda verilmişdir:
|











