|
«Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununa (bundan sonra – Qanun) əsasən lombardların müvafiq hüquq və vəzifələri mövcuddur.
Lombardların aşağıdakı hüquqları mövcuddur:
- monitorinq olunmalı əməliyyatlar barədə məlumatları Qanunun tələblərinə uyğun olaraq vicdanla maliyyə monitorinqi orqanına təqdim etdikdə, müvafiq əməliyyatlarla bağlı qanunla qorunan sirrin yayılmasına, eləcə də məlumatın yayılması nəticəsində dəymiş maddi və mənəvi ziyana görə məsuliyyətə cəlb olunmama;
- maliyyə monitorinqi orqanına təqdim edilmiş məlumatların müqabilində əldə edilmiş nəticələr haqqında məlumatlandırılma.
Lombardların aşağıdakı vəzifələri mövcuddur:
- Müştəri və benefisiarın eyniləşdirilməsi və verifikasiyası;
- İşgüzar münasibətlərin məqsədi və mahiyyəti barədə məlumatın müştəridən əldə edilməsi və həmin məlumatların mütəmadi qaydada yeniləşdirilməsi;
- Yüksək riskli əməliyyatlara dair əlavə eyniləşdirmə tədbirlərinin tətbiq edilməsi;
- Müştərinin və ya benefisiarın xarici dövlətlərin siyasi xadimlərinə aid olduğunun müəyyən edilməsinə dair tədbirlərin görülməsi;
- Bütün mürəkkəb, iri həcmli qeyri-adi, habelə aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatları təyinatının və mahiyyətinin aydınlaşdırılması, bununla əlaqədar yazılı hesabatın tərtib olunması;
- Müvafiq sənədlərin ən azı beş il müddətində saxlanılması;
- Qanunla tələb olunduqda, daxili nəzarət sistemlərinin hazırlanması;
- Aşağıdakı əməliyyatlara və hallara dair məlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi:
- 20000 manata bərabər və ya 20000 manatdan artıq məbləğdə həyata keçirilən nağd əməliyyatlar;
- əməliyyatın məbləğindən asılı olmayaraq, pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halların mövcud olması;
- Qanunun 7.3-cü maddəsində nəzərdə tutulan dövlətlərin (ərazilərin) vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslərlə, eləcə də göstərilən dövlətlərdə (ərazilərdə) qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə əlaqədar pul vəsaitləri və ya digər əmlakla, məbləğindən asılı olmayaraq, hər hansı əməliyyatların həyata keçirilməsi;
- məbləğindən asılı olmayaraq, xarici dövlətlərin siyasi xadimləri tərəfindən əməliyyatların həyata keçirilməsi;
- məbləğindən asılı olmayaraq, Azərbaycan Respublikasının yurisdiksiyasından kənardakı anonim hesabdan pul vəsaitlərinin daxil olması və ya Azərbaycan Respublikasının yurisdiksiyasından kənara anonim hesaba pul vəsaitlərinin köçürülməsi;
- əməliyyatın məbləğindən asılı olmayaraq, müştəri və ya benefisiarla bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmamasının aşkarlanması;
- əməliyyatın məbləğindən asılı olmayaraq, müştərinin öz adından fəaliyyət göstərməməsi və ya üçüncü şəxsin adından çıxış etməsi barədə şübhə üçün kifayət qədər əsas yaranması;
- Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən maliyyə monitorinqi orqanının müəyyən etdiyi qaydada siyahısı təsdiq edilmiş şəxslərlə əməliyyatlar.
|