Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi




FATF-ın plenar iclasında iştirak edilmişdir.

28 fevral 2018-ci il

2018-ci ilin 21-23 fevral tarixlərində Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) XXIX plenar iclası keçirilmişdir.

Plenar iclasda Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidmətinin direktoru Anar Salmanov FATF-ın Beynəlxalq Əməkdaşlığın Monitorinqi Qrupunun üzvü olaraq iştirak etmişdir.

Plenar iclasda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sahəsində strateji uyğunsuzluqlara malik olan və beynəlxalq maliyyə sisteminə ciddi təhlükə yaradan dövlətlər barədə FATF-ın İctimai Bəyanatı yenilənmişdir (bəyanatın mətni – http://www.fatf-gafi.org/publications/high-riskandnon-cooperativejurisdictions/documents/public-statement-february-2018.html).

İclasda bir sıra digər sənədlər də FATF tərəfindən ictimaiyyətin diqqətinə təqdim edilmişdir. Sözügedən sənədlərdə PL/TMM sahəsində strateji uyğunsuzluqlara malik olan dövlətlərə FATF-la birgə hazırlanmış fəaliyyət planları çərçivəsində nəzərdə tutulmuş tədbirləri həyata keçirmək çağırışı ünvanlanmışdır. Plenar iclasda İslandiyanın PL/TMM sisteminin qiymətləndirmə hesabatı, İspaniya və Norveçin tərəqqi hesabatları, Bosniya və Herseqovina, habelə Braziliya tərəfindən milli PL/TMM sistemində müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması istiqamətində atılmış addımlar, bir sıra FATF Tövsiyələrinin və təlimatlarının yenilənməsi, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə strategiyası üzrə görülmüş tədbirlər, FATF-ın institusional bazasının gücləndirilməsi, FATF TREIN institutunun fəaliyyəti və s. kimi məsələlər müzakirə edilmişdir.

Qeyd edək ki, FATF PL/TMM sahəsində imperativ standartları müəyyən edən qlobal qurumdur. FATF beynəlxalq maliyyə sistemini PL/TM risklərindən qorumaq və PL/TMM sahəsində mövcud standartlara daha geniş uyğunluğu təmin etmək məqsədi ilə strateji uyğunsuzluqları olan dövlətləri müəyyən edir və bu dövlətlərlə bərabər qlobal maliyyə sistemi üçün təhlükə törədən uyğunsuzluqların aradan qaldırılması istiqamətində fəaliyyət göstərir.

Azərbaycan Respublikası FATF-ın işində Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) üzvü olaraq fəal iştirak edir.