Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi



Sual: Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlak nə deməkdir?
Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak, mülkiyyət hüquqlarını təsdiq edən hüquqi sənədlərdir.
Sual: Monitorinq iştirakçılarına hansı fiziki və ya hüquqi şəxslər aid edilir?
Cavab – kredit təşkilatları;
– sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçiləri;
– qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan brokerlər, qiymətli kağızların idarə olunması üzrə peşəkar fəaliyyəti həyata keçirənlər;
– lizinq xidmətləri göstərən kredit təşkilatları;
– pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələr və digər təşkilatlar;
– lombardlar;
– investisiya fondları;
– qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslər;
– öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı qeyri-hökumət təşkilatı və ya dini təşkilat;
– lotereya təşkilatçısı;
– daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər.
Sual: Monitorinqdə iştirak edən digər şəxslərə kimlər aid edilir?
Cavab: Vəkillər, notariuslar, hüquqi xidmət göstərən digər şəxslər və ya auditor xidməti göstərən şəxslər.
Sual: Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması nə deməkdir?
Cavab: Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə pul vəsaitlərinin və ya digər əmlakın konversiyası və ya köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən və ya digər əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi, yaxud cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə pul vəsaitləri və ya digər əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsidir.
Sual: Şübhəli əməliyyata dair məlumat hansı müddət ərzində Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmalıdır?
Cavab: Şübhəli əməliyyata dair məlumat həmin əməliyyatın icra olunmasından əvvəl təqdim edilməlidir. Əməliyyatın icra olunmaması mümkün deyildirsə və ya əməliyyatın icra olunmamasının benefisiarın müəyyənləşməsinə maneə yaradacağı məlumdursa, monitorinq iştirakçıları əməliyyatın icrasından dərhal sonra Maliyyə Monitorinqi Xidmətinə məlumat verməlidirlər.
Sual: Hansı halda şübhəli əməliyyat icra olunmayıb barəsində məlumat Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməlidir?
Cavab: Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərlə bağlı əməliyyatlar heç bir halda icra olunmamalıdır.
Sual: İcra olunmamış şübhəli əməliyyat barədə məlumat Maliyyə Monitorinqi Xidmətinə təqdim olunduqdan sonra nə vaxt icra oluna bilər?
Cavab: Maliyyə Monitorinqi Xidməti tərəfindən əməliyyatın dayandırılması barədə göstəriş 2 iş günü ərzində təqdim olunmadıqda həmin əməliyyat icra oluna bilər.
Sual: Heç bir əməliyyat aparılmadan yalnız hesabın açılması və yaxud müqavilənin bağlanması şübhəli hesab olunursa bu barədə də məlumat Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmalıdırmı?
Cavab: Bəli.
Sual: Maliyyə Monitorinqi Xidməti tərəfindən müəyyən edilmiş xüsusi indikatorlarda qeyd olunmuş meyarlara uyğun olan bütün əməliyyatlar barədə məlumatlar Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməlidirmi?
Cavab: Xeyr. Xüsusi indikatorlarda nəzərdə tutulmuş meyarlar hər hansı bir əməliyyatda formal cəhətdən mövcud olsa da, lakin əməliyyat və müştərinin fəaliyyəti çirkli pulların yuyulması və ya terrorçuluğun maliyyələşdiririlməsi ilə bağlı olmasına şübhə yaratmırsa, monitorinq subyektləri tərəfindən «müştərini tanı» prinsipinə riayət olunmaqla əməliyyat daha ətraflı araşdırılmalıdır. Bu halda məlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi tələb olunmur.
Sual: Məlumatlar hansı formada Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmalıdır?
Cavab: Məlumatlar «Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları»na 1 nömrəli əlavədə nəzərdə tutulmuş xüsusi formaya daxil edilir və aşağıdakı vasitələrlə təqdim olunur:

  • monitorinq iştirakçısının və monitorinqdə iştirak edən digər şəxsin məsul şəxsi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş kağız daşıyıcıda;
  • gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron daşıyıcıda.
Sual: Məlumatlar kağız daşıyıcıda Maliyyə Monitorinqi Xidmətinə hansı qaydada təqdim olunmalıdır?
Cavab: Məlumatlar kağız daşıyıcıda aşağıdakı qaydada təqdim olunur:

  • məlumat bütövlüyü pozulmadan açılması mümkün olmayan və işıq keçirməyən kağızdan hazırlanmış zərfə qoyularaq möhürlənir;
  • zərfin üz tərəfinin yuxarı sol küncündə monitorinq iştirakçısının və monitorinqdə iştirak edən digər şəxsin adı, ünvanı və məlumatın müvafiq forma üzrə nömrəsi qeyd olunur – zərfə iki və ya daha artıq sayda məlumat qoyulduqda, hər bir məlumatın nömrəsi ardıcıl şəkildə qeyd olunur;
  • zərfin üz tərəfinin aşağı sağ küncündə Maliyyə Monitorinqi Xidmətinin adı və ünvanı qeyd olunur;
  • zərfin üz tərəfinin yuxarı sağ küncündə «MƏLUMAT» qeydi aparılır;
  • zərf rəsmi təqdimetmə qaydasında xüsusi rabitə və ya sifarişli poçt rabitəsi vasitəsilə bildirişli məktubla Maliyyə Monitorinqi Xidmətinə göndərilir.
Sual: Məlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması formasında «ulduz» işarəsi nəyi bildirir?
Cavab: Məlumatların təqdim olunması formasında «ulduz» işarəsi ilə qeyd olunmuş bəndlərin doldurulması icbaridir. Həmin bəndlər doldurulmadıqda, forma qəbul olunmur və geri qaytarılır.
Sual: Eyniləşdirmə və verifikasiya proseduru hansı tədbirləri əhatə edir?
Cavab: Eyniləşdirmə proseduru müştərinin, benefisiarın və nümayəndənin şəxsiyyətinin, hüquq qabiliyyətinin, təmsilçilik səlahiyyətinin və işgüzar fəaliyyətinin müəyyən edilməsi məqsədi ilə həyata keçirilən tədbirlərin məcmusudur. Verifikasiya proseduru etibarlı mənbələr vasitəsilə müştəri, benefisiar və səlahiyyətli nümayəndə barəsində əldə edilmiş eyniləşdirmə məlumatlarının həqiqiliyinin müəyyən edilməsi məqsədilə həyata keçirilən tədbirlərin məcmusudur.
Sual: Fiziki şəxs olan müştərinin eyniləşdirilməsi hansı sənədlər əsasında həyata keçirilməlidir?
Cavab: Fiziki şəxsin eyniləşdirilməsi onun şəxsiyyətini təsdiq edən sənəd əsasında həyata keçirilir.
Sual: Hansı monitorinq iştirakçılarına və ya monitorinqdə iştirak edən digər şəxslərə daxili nəzarət sisteminin hazırlanması tələbi şamil edilmir?
Cavab: Rüblük dövriyyəsi əlli min manatdan az olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər.
Sual: Müştəri və benefisiarın eyniləşdirilmə məlumatları hər bir halda verifikasiya olunmalıdırmı?
Cavab: Bəli.
Sual: Hansı meyarlar əsasında monitorinq iştirakçıları işgüzar münasibətləri «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsinə qədər yaranmış və hal-hazırda davam edən müştərilərinin eyniləşdirilməsi və verifikasiyası üçün tədbirlər görməlidir?
Cavab: Müvafiq tədbirlər müştərilərin fəaliyyətinin xüsusiyyətləri nəzərə alınaraq.
 
Sual: Xarici dövlətin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında Maliyyə Monitorinqi Xidməti tərəfindən təqdim edilmiş məlumatın sorğuda göstərilməyən məqsədlər üçün istifadəsinə razılıq verilirmi?
Cavab: Xeyr. Məlumat xarici dövlətin müvafiq səlahiyyətli orqanına o şərtlə verilir ki, həmin məlumatdan sorğuda göstərilməyən məqsədlər üçün istifadə olunmayacaqdır.
Sual: Hansı hallarda Maliyyə Monitorinqi Xidməti xarici dövlətlərin müvafiq orqanlarının sorğusu əsasında həmin qurumlara məlumat verə bilər?
Cavab: Məlumat xarici dövlətin müvafiq səlahiyyətli orqanına yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə ziddiyyət təşkil etmədiyi və milli maraqlarına zərər vurmadığı halda, belə məlumatın verilməsi xarici dövlətin müvafiq səlahiyyətli orqanına cinayət təqibini başlamağa və ya müvafiq sorğunu göndərməyə əsas yaratdıqda verilə bilər.
Sual: Monitorinq nədir?
Cavab: Pul vəsaitləri və ya digər əmlakla aparılmış əməliyyatlar barədə monitorinq iştirakçıları, monitorinqdə iştirak edən digər şəxslər və ya nəzarət orqanları tərəfindən təqdim edilən, eləcə də mənbəyi məlum digər məlumatlar əsasında Maliyyə Monitorinqi Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləridir.
Sual: Valyuta sərvətlərinə nə aid edilir?
Cavab: Nağd xarici valyuta, xarici valyutada qiymətli kağızlar, qiymətli daşlar, qiymətli metallar, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatları.
Sual: Kimlər xarici dövlətlərin siyasi xadimləri hesab olunur?
Cavab: Hər hansı xarici dövlətdə mühüm ictimai vəzifə tutan və ya əvvəllər belə vəzifəni tutmuş şəxslər (dövlət və ya hökumət başçıları, nüfuzlu siyasətçilər, hökumət üzvləri, yuxarı instansiya məhkəmələrinin hakimləri, yüksək rütbəli hərbi qulluqçular, dövlət mülkiyyətində olan müəssisələrin rəhbər vəzifəli şəxslər, siyasi partiya vəzifəli şəxslər), onların ailə üzvləri və yaxın qohumları xarici dövlətlərin siyasi xadimləri kateqoriyasına aid edilir.
Sual: Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı həyata keçirilən tədbirlər haqqında müştərinin və ya digər şəxslərin məlumatlandırılması hansı növ məsuliyyətə səbəb olur?
Cavab: Cinayət məsuliyyətinə.
 
Sual: Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 9–12-ci maddələrinin tələblərinə əməl edilməməsi hansı növ məsuliyyətə səbəb olur?
Cavab: İnzibati məsuliyyətə.
Sual: Monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən şəxslərin «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 9–12-ci maddələrinin tələblərinə əməl edilməməsinə görə nəzarət orqanları tərəfindən hansı əlavə sanksiyalar tətbiq edilə bilər?
Cavab: Lisenziya əsasında fəaliyyət göstərən monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən həmin tələblərin pozulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada onların lisenziyasının dayandırılması və ya ləğv edilməsinə səbəb ola bilər.
Sual: Monitorinq iştirakçılarının «qara siyahı»dakı dövlətlərdə yerləşən filialları və törəmə hüquqi şəxsləri «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununun müəyyən etdiyi tələblərə əməl etməlidirlərmi?
Cavab: Filiallar və törəmə hüquqi şəxslər yerləşdiyi ölkənin qanunvericiliyi ilə qadağan olunmursa bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyinin və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl etməlidir. Filiallara və törəmə hüquqi şəxslərə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində tələblərə əməl edilməsi onların yerləşdiyi ölkənin qanunvericiliyi ilə qadağan olunursa, monitorinq iştirakçıları bu barədə müvafiq nəzarət orqanlarına yazılı məlumat verməlidir.
Sual: Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən şəxslər daxili nəzarət sistemləri çərçivəsində xarici dövlətin siyasi xadimlərinə münasibətdə hansı tədbirlər tətbiq etməlidir?
Cavab: “Xarici dövlətlərin siyasi xadimləri ilə işgüzar münasibətlər yalnız monitorinq iştirakçılarının rəhbərliyinin razılığı əsasında yaradıla bilər. Müştərinin və ya benefisiarın xarici dövlətlərin siyasi xadimlərinə aid olduğu işgüzar münasibətlərin yaradılmasından sonra məlum olursa, işgüzar münasibətlər monitorinq iştirakçılarının rəhbərliyinin razılığı əsasında davam etdirilə bilər. Monitorinq iştirakçıları xarici dövlətlərin siyasi xadimləri olan müştəriləri və ya benefisiarların pul vəsaitlərinin və ya digər əmlakın mənbəyi barədə məlumatlar əldə etməlidir. “
Sual: Birbaşa əlaqə qurmadan texnoloji vasitələrdən istifadə etməklə işgüzar münasibətlərin yaradılması zamanı monitorinq iştirakçıları tərəfindən hansı tədbirlər tətbiq edilməlidir?
Cavab: Monitorinq iştirakçıları texnoloji vasitələrdən istifadə etməklə birbaşa əlaqə qurmadan yaradılan işgüzar münasibətlərin və ya aparılan əməliyyatların tənzimlənməsinə dair daxili qayda və prosedurlara malik olmalıdır. Monitorinq iştirakçıları bu daxili qayda və prosedurları müştəri ilə işgüzar münasibətlərin yaradılmasında, habelə müştərinin işgüzar münasibətləri və həyata keçirilmiş əməliyyatlarına dair əldə olunmuş məlumatların mütəmadi qaydada yeniləşdirilməsində tətbiq etməlidir. Qeyd olunan daxili qayda və prosedurlara monitorinq iştirakçılarının birbaşa əlaqədə olmadıqları müştərilərinin eyniləşdirilməsinə və verifikasiyasına dair tədbirlər daxil olmalıdır.