Xəbərlər

04.12.2023 14:20

Maliyyə Monitorinqi Xidmətinin və Bakı Ağır Cinayətlər Məhkəməsinin yüksək səviyyəli toplantısı keçirilib

Cari ilin 2 dekabr tarixində Maliyyə Monitorinqi Xidmətinin nümayəndə heyəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri arasında görüş keçirilib.

Görüşün əvvəlində MMX-nin İdarə Heyətinin sədri cənab Zaur Fətizadə  iştirakçıları salamlayıb və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması cinayəti üzrə cinayət təqibinin həyata keçirilməsi zamanı yaranan çətinliklərin aradan qaldırılması məqsədilə MMX və aidiyyəti istintaq orqanları və məhkəmələr arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyindən danışıb.

Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilov MMX-nin təşəbbüsünü yüksək qiymətləndirdiyini və mövcud çatışmazlıqların həlli yolunun bu formada müzakirə edilməsinin nəticəyönümlü olacağını vurğulayıb. 

İdarə Heyəti sədrinin müavini Azər Abbasov öz niqtində əmlakın leqallaşdırılması əməlinin tövsifi ilə bağlı təcrübədə mövcud problemlərdən bəhs edib, təqdimatında iştirakçıların diqqətini təcrübədə rast gəlinən leqallaşdırma sxemlərinə yönəldib. 

MMX-nin müvafiq sahə üzrə peşəkar mütəxəssisi Aytən Mirzəzadə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-1-ci maddəsində nəzərdə tutulmuş cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması cinayətinin təqibi ilə bağlı təcrübədə yaranan çətinliklərin aradan qaldırılması üzrə həll yolları, habelə cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması əməlinə dair beynəlxalq standartlar, ən yaxşı təcrübə və qitə hüquq sistemli ölkələrin təcrübəsindən danışıb və qarşılıqlı müzakirələr aparıb.  

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında baş tutan yüksək səviyyəli toplantıda Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 hakimi iştirak edib.

04-12-2023 | 14:20
← Geriyə