Ümumi məlumat

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin milli risk qiymətləndirilməsini mütəmadi həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 3-cü hissəsinin icrası çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 oktyabr 2020-ci il 404 nömrəli qərarı ilə Koordinasiya Şurası yaradılmışdır.

Azərbaycan Respublikası Baş nazirinin müavininin sədrliyi və aidiyyəti orqanların iştirakı ilə yaradılmış Koordinasiya Şurasının əsas məqsədi Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 1-ci Tövsiyəsinin (Risklərin qiymətləndirilməsi və risk yönümlü yanaşmanın tətbiqi) tələblərinə uyğun olaraq milli səviyyədə PL/TMM risklərinin başa düşülməsi, bu risklərə münasibətdə strateji hədəflərin müəyyən edilməsi və aşkar edilmiş risklərin azaldılması istiqamətində addımların atılmasından ibarətdir.

Koordinasiya Şurasının yaradılmasında digər hədəf isə Avropa Şurasının MONEYVAL Komitəsinin Azərbaycan Respublikasına münasibətdə 2021-ci ildə başlanılması nəzərdə tutulan V raund qiymətləndirilməyə hazırlığın təmin edilməsi məqsədilə qanunvericiklikdə islahatların aparılması və institusional mühitin qiymətləndirilməsi zamanı effektivliyin artırılması üzrə müvafiq tədbirlərin əlaqəli şəkildə icrasına nail olmaqdır.

Şuranın katiblik funksiyası MMX-yə həvalə edilmişdir.

Şuranın əsas vəzifələri:

  • AR İN-in təklifləri əsasında MRQ-nin həyata keçirilməsi üçün zəruri metodologiyanı müəyyən etmək;
  • Həmin metodologiya əsasında milli və sahəvi təhdid və zəifliklərin aşkar edilməsi məqsədilə işçi qruplar yaratmaq və onların fəaliyyətinə nəzarət etmək;
  • MRQ-nin həyata keçirilməsi məqsədilə aidiyyəti qurumların fəaliyyətini əlaqələndirmək;
  • Monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin MRQ-yə cəlb edilməsini təmin etmək və s.

Koordinasiya Şurası PL/TMM sahəsində müxtəlif dövlət orqanlarının və aidiyyəti özəl sektorun fəaliyyətini əlaqələndirməklə mövcüd çağırışlara vaxtında cavab verməyə, habelə milli sistemin risk qiymətləndirilməsi üzrə effektiv mübarizə əsaslarının yaradılmasına kömək edir.

← Geriyə