You are here: 
Münzen ges

Azərbaycan və Özbəkistan maliyyə cinayətlərinə qarşı əməkdaşlığı gücləndirir

Release Date:

Özbəkistan Respublikası Baş Prokurorluğunun İqtisadi Cinayətlərlə Mübarizə Departamenti Azərbaycan Maliyyə Monitorinqi Xidmətinin nümayəndə heyətini iqtisadi cinayətlərlə mübarizədə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə 14-16 aprel tarixlərində Daşkənddə səfərdə olub və əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Görüşlərdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Zaur Fətizadə səfərin təşkilinə və qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Azərbaycan və Özbəkistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini qeyd edib. Həmçinin, 2023-cü ildə iki ölkənin maliyyə monitorinqi orqanları arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində effektiv  məlumat mübadiləsinin həyata keçirildiyi vurğulanıb.

Səfər müddətində Xidmətin nümayəndə heyəti özbəkistanlı həmkarları ilə görüşərək, ölkənin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sistemi, risk qiymətləndirmə mərkəzi və digər əlaqəli strukturlar barədə məlumat əldə edib. Görüşlər zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edərək, ən yaxşı təcrübələrin mübadiləsi və əməkdaşlığın genişləndirilməsi məqsədilə konkret addımlar müəyyən ediblər.

Özbəkistan tərəfi həmçinin 2024-cü ilin oktyabr ayında keçirilmiş Türk Dövlətlərinin Maliyyə Kəşfiyyatı Orqanları Rəhbərlərinin Forumunda iştirakını və "Şuşa Təşəbbüsü"nə qoşulmasını qeyd edərək, bu təşəbbüs çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişafı imkanlarını müzakirə ediblər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri səfərin əsas məqsədinin Özbəkistanın maliyyə kəşfiyyatı sahəsindəki təcrübəsi ilə tanış olmaq, maliyyə cinayətlərinə qarşı birgə mübarizə aparmaq olduğunu bildirib. Görüşdə maliyyə monitorinqi orqanlarının strukturu, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində aktual tendensiyalar və beynəlxalq standartlara uyğun informasiya mübadiləsi mexanizmləri müzakirə olunub.

Tərəflər, həmçinin "Şuşa Təşəbbüsü" çərçivəsində birgə analitik təşəbbüslər, layihələr və təlimlərin keçirilməsi, qarşılıqlı dəstək və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Azərbaycan tərəfi əməkdaşlığın dərinləşəcəyinə və iki ölkə arasında maliyyə monitorinqi sahəsində uğurlu əməkdaşlığın davam edəcəyinə əminliyini ifadə edib.

Səfər zamanı Xidmətin nümayəndə heyəti, həmçinin Özbəkistan Respublikası Baş Prokurorluğunun muzeyini və Hüquq-Mühafizə Akademiyasını ziyarət edərək bu qurumların tarixi və fəaliyyəti ilə tanış olub.

Previus news:
Next news: