You are here: 
Münzen ges

Öhdəlik daşıyan şəxs üçün maarifləndirici təlim keçirilib

Release Date:

Cari ilin 29 aprel tarixində Maliyyə Monitorinqi Xidməti və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində öhdəlik daşıyan şəxslər üçün geniş tərkibli maarifləndirici təlim keçirilib.

Təlimin məqsədi öhdəlik daşıyan şəxslərin ƏL/TMM sahəsində mövcud qanunvericilik tələbləri, istintaq məsələləri və risk əsaslı yanaşmalar barədə məlumatlılığının artırılması, həmçinin bu sahədə effektiv nəzarət mexanizmlərinin tətbiqinə dəstək göstərmək olub. Təlim interaktiv formatda təşkil olunub, təqdimatlar nümayiş etdirilib və praktiki nümunələr əsasında müzakirələr aparılıb.

Tədbirin açılışında iştirakçılar salamlanaraq təlimin məqsədi və aktual mövzu üzrə əhəmiyyəti diqqətə çatdırılıb, öhdəlik daşıyan şəxslərin qanunvericiliyin tələbləri barədə dolğun şəkildə məlumatlandırılmasının zəruriliyi vurğulanıb, 2025-ci ildə bu tələblərin icrasının təmin olunmasının vacibliyi və müvafiq maarifləndirmə tədbirlərindən sonra sanksiya mexanizmlərinin tətbiq ediləcəyi qeyd edilib.

Təlim çərçivəsində Maliyyə Monitorinqi Xidmətinin mütəxəssisləri Zərifə Həsənli və Fatimə Muxtarova tərəfindən təqdim edilən çıxışlarda müştəri uyğunluğu tədbirlərinin tətbiqi, yoxlanılması vacib məlumatlar və daxili nəzarət proqramlarına dair minimum tələblər barədə geniş izahat verilib.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, rəy və təkliflər dinlənilib, müvafiq mövzulara dair əlavə məlumatlar təqdim olunub.

Təlimdə maliyyə, audit və vergi sahəsində fəaliyyət göstərən 300-dən çox öhdəlik daşıyan şəxs iştirak edib.

Previus news:
Next news: