Mayın 1-də Nazirlər Kabinetinin 2023-cü il 23 dekabr tarixli 451 nömrəli Qərarı ilə yaradılmış Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan baş nazirin müavini, Koordinasiya Şurasının sədri Samir Şərifov Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı"ndan irəli gələn vəzifələrin icrası çərçivəsində Şura tərəfindən 2024-cü ildə görülmüş işlərin təhlil edilməsinin zəruriliyini bildirib, bu tədbirlərin icrasının ölkənin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin daha effektiv olmasına zəmin hazırlayacağını qeyd edib.
Eyni zamanda, Şura sədri Avropa Şurası Çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) tərəfindən tərəqqi hesabatı sorğusunun göndərildiyini və hesabatın uğurla tamamlanmasının önəmini xüsusi olaraq vurğulayıb.
İclasda Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadənin Milli Fəaliyyət Planınında 2024-cü il üzrə nəzərdə tutulmuş tapşırıqların icrasına dair hesabatı, həmçinin Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Mərkəzi Bank və Dövlət Vergi Xidmətinin nümayəndələrinin görülmüş işlərin cari vəziyyəti barədə məlumatları dinlənilib, eyni zamanda Avropa Şurası MONEYVAL Komitəsinin cari ildə aparacağı tərəqqi qiymətləndirməyə hazırlıq vəziyyəti və digər məsələlər geniş müzakirə olunub.
İclasın yekunu olaraq, Milli Fəaliyyət Planının 2024-cü il üzrə icrası vəziyyəti barədə hesabatın Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim edilməsi barədə razılıq əldə olunub, habelə MONEYVAL tərəqqi hesabatının təqdim edilməsinə hazırlıq məqsədilə atılmalı olan növbəti addımlar müəyyən edilib və digər qərarlar qəbul edilib.